Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyini də üzə çıxardı. Vurulan zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır. Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ətraf mühitinə də böyük ziyan dəyib.
Hafta.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib.
O bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir. Birgə atacağımız addımlar həm dövlətin bərpa prosesində yükünü azalda, həm də bərpa və yenidənqurma istiqamətində görülən işləri sürətləndirə bilər. R.Hacıyev deyib ki, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq hazırda həmin ərazilərdə ciddi tikinti-quruculuq işləri aparılır, yeni yollar, hava limanları tikilir, infrastruktur bərpa olunur. Ancaq dağıntıların aradan qaldırılması, yaşayış məntəqələrinin, infrastrukturun bərpası böyük vəsait və vaxt tələb edən bir prosesdir. “Azərbaycan bütün bu işləri öz gücü, öz imkanları hesabına görür. Buna görə də hər birimiz dövləti dəstəkləməli, həmrəylik nümayiş etdirərək Qarabağın bərpasında yaxından iştirak etməliyik”, - deyə İdarə Heyətinin sədri vurğulayıb.
“Tarixə nəzər saldıqda görərik ki, insanların həmrəy olması, səylərin birləşdirilməsi qısa bir zaman kəsiyində qarşıya qoyulan məqsədlərə çatmağa imkan verir. Məsələn, Birinci və İkinci Dünya müharibələri zamanı Avropa şəhərlərinin bir çoxu ciddi dağıntılara məruz qalmış, bəziləri demək olar ki, yer üzündən silinmişdi. Buna baxmayaraq insanlar mədəni dəyərlər ətrafında birləşərək qısa bir zamanda həmin şəhərləri yenidən bərpa etdilər”, - deyə o qeyd edib.
Rəhman Hacıyev işğaldan azad olunan ərazilərdə Fondun dəstəyi ilə həyata keçirilən layihələr barədə də məlumat verib: “Fəaliyyətə başladığı ilk günlərdən qarşısına qoyulan məqsəd və vəzifələrin yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edən Fond tərəfindən ötən müddət ərzində işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işlərinin aparılması, ətraf mühitə vurulan zərərin nəticələrinin aradan qaldırılması, ianə mədəniyyətinin təbliği və erməni işğalçı qüvvələrinin ölkəmizə vurduğu külli miqdarda ziyan barədə obyektiv məlumatların geniş ictimaiyyətə çatdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Bəzi layihələrin icrası isə davam edir. Heydər Əliyev Fondunun sifarişi əsasında Şuşada dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin abidəsinin hazırlanması başa çatıb. Şuşadakı Yaradıcılıq Mərkəzinin və Şuşa Xalça Muzeyinin binalarının bərpası işləri isə davam etdirilir”.
“Bundan başqa işğaldan azad olunan ərazilərdə Fond tərəfindən ekoloji tarazlığın bərpası istiqamətində də layihələr həyata keçirilməkdədir. Həmin layihələr çərçivəsində Zəngilanda meşə massivinin salınması, Füzulidə Mərkəzi Parkın yaradılması nəzərdə tutulur”, - deyə Rəhman Hacıyev diqqətə çatdırıb.
İdarə Heyətinin sədri, həmçinin bildirib ki, yarandığı gündən indiyədək bir çox təhsil müəssisəsi Qarabağın bərpasına dəstək göstərmək məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edib. Bu təhsil müəssisələrindən biri də Bakı Dövlət Universitetidir.
Rəhman Hacıyev bərpa prosesində tələbələrin, gənclərin rolundan da danışıb. Deyib ki, bu günün tələbələri sabahın iş adamları, investorlarıdır. Onlar mühüm vəzifələr tutmaqla ölkənin sosial-iqtisadi həyatında aktiv iştirak edəcəklər və azad olunan ərazilərin bərpasına öz töhfələrini verəcəklər.
“Gənclər hər zaman ölkəmizin ictimai-siyasi həyatında olduqca mühüm və fəal rol oynayıblar. Vətən müharibəsində iştirak edən və tarixi Qələbənin qazanılması üçün böyük qəhrəmanlıqlar göstərənlərin də əksəriyyəti gənclərdir. Bu gün bizim qarşımızda duran əsas missiya və vəzifə işğaldan azad olunan ərazilərin bərpası və inkişafıdır. Bu isə uzunmüddətli və çətin bir prosesdir. Bunu nəzərə alsaq deyə bilərik ki, bu günün gəncləri gələcəkdə bərpa və quruculuq prosesində aktiv rol oynayacaqlar. Buna görə də Fond olaraq tələbələrlə, gənclərlə mütəmadi görüşlərin keçirilməsi, onların düşüncə və təkliflərinin öyrənilməsi bizim üçün çox vacibdir. Tələbələrlə analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsini planlaşdırırıq. Bu cür görüşlər işğaldan azad olunan ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə gənclərin maarifləndirilməsi, eyni zamanda, onların bu prosesdə hansı formada iştirak edə biləcəklərinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. İnanıram ki, düşmənin dağıtdığı torpaqlarımızın bərpası prosesinə gənclər də öz töhfələrini verəcəklər”, - deyə R.Hacıyev qeyd edib.